Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Startup & TTO şöbəsinin təşkilatçılığı ilə materialşünaslıq və kimya sahəsində beynəlxalq təcrübəyə malik sahibkar, CEO və həmtəsisçi Bəhruz Məmmədov ilə görüş keçirilib. Tədbirdə universitetin akademik heyəti, doktorantlar, tədqiqatçılar və innovasiya fəaliyyəti ilə maraqlanan iştirakçılar yer alıblar.
Görüş zamanı Bəhruz Məmmədov ABŞ və Avropada qazandığı praktiki təcrübəyə əsaslanaraq erkən mərhələli elmi tədqiqatların kommersiyalaşdırılması, DeepTech startaplarının yaradılması, universitet mənşəli intellektual mülkiyyətin sənayeyə transferi və akademik mühitdən biznes sektoruna keçid imkanları barədə təqdimatla çıxış edib.
Tədbir çərçivəsində elmi nəticələrin bazara çıxarılması mexanizmləri, startap və spin-off modelləri, patentləşmə prosesləri, universitet–sənaye əməkdaşlığının inkişaf perspektivləri və material science sahəsində beynəlxalq təcrübələr geniş müzakirə olunub. İştirakçılar spikerlə interaktiv dialoq apararaq real biznes nümunələri üzərindən praktiki biliklər əldə ediblər.
Spiker həmçinin rəhbərlik etdiyi BERKM Inc., Flux Technology Inc. və Eurekite B.V. kimi texnologiya yönümlü şirkətlərdə həyata keçirilən innovativ layihələr, vençur investisiyalarının cəlb edilməsi, patent portfellərinin formalaşdırılması və pilot istehsal xətlərinin qurulması sahəsində təcrübəsini bölüşüb.
Görüş akademik mühitdə innovasiya və sahibkarlıq düşüncəsinin təşviqi, elmi tədqiqatların kommersiyalaşdırılması imkanlarının genişləndirilməsi və universitet–sənaye əməkdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.