×

Xəbərlər

Xəbərlər 09 Feb 2026
ADNSU-nun 21 tələbəsi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən yüksək nəticələrlə məzun olub

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) 6-cı tədris dalğası üzrə keçirilən “Məzun Günü” çərçivəsində daha 100 nəfər kibertəhlükəsizlik üzrə mütəxəssis kimi məzun olub. Məzunlar arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 21 nəfər tələbəsi yer alıb.

Tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və İsrailin “Technion” Texnologiya İnstitutunun birgə təşəbbüsü ilə fəaliyyət göstərən AKM tərəfindən təşkil olunub.

Məzunların akademik göstəricilərinin qiymətləndirilməsi zamanı ADNSU-nun SABAH qrupları tələbəsi Rəvan İsmayılov xüsusilə fərqlənib. O, Red Team (hücum istiqaməti) üzrə 96.9 bal toplayaraq kohortun ən yüksək nəticələrindən birinə imza atıb. 

Qeyd edək ki, bu nəticə proqram üzrə göstərilən texniki hazırlıq səviyyəsinin və praktiki bacarıqların yüksək göstəricisi hesab olunur. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində tədris prosesi beynəlxalq mütəxəssislər tərəfindən Red Team, Blue Team və Purple Team istiqamətləri üzrə aparılır və iştirakçılar real kibertəhlükəsizlik ssenariləri üzərində praktiki biliklər əldə edirlər.

Qeyd edək ki, indiyədək Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən 480 nəfər məzun olub. Məzunların işə qəbul faizi 86% təşkil edir və onlar həm dövlət qurumlarında, həm də yerli və beynəlxalq qabaqcıl şirkətlərdə fəaliyyət göstərirlər.

 


Paylaş