Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Yer elmləri sahəsində elmi-tədqiqat fəaliyyətlərinin genişləndirilməsi, georesursların daha səmərəli və davamlı idarə olunmasına yönəlmiş müasir yanaşmaların inkişaf etdirilməsi məqsədilə “Yer Elmləri və Georesurslar üzrə tədqiqat qrupu” yaradılıb.
Yeni tədqiqat qrupu yeraltı enerji və mineral resurslarının paylanmasını müəyyən edən yer proseslərinin öyrənilməsini, geoloji risklərin elmi əsaslarla qiymətləndirilməsini, həmçininyaşıl enerji və ətraf mühit sahəsində qlobal çağırışlara cavabverən tədqiqatların aparılmasını hədəfləyir. Qrupun fəaliyyəti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun strateji tədqiqat istiqamətlərini əhatə edir.
Tədqiqat qrupuna Elşən Abdullayev rəhbərlik edir. O, həmçinin universitetin "Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi" kafedrasına tədqiqatçı-müəllim kimi çalışır. Qrupunbaş tədqiqatçıları isə dosent Qriqoriy Penkov, ADNSU-nun SABAH Mərkəzinin neft-qaz geologiyası üzrə proqram rəhbəri Rəşad Abbasov və ADNSU-nun neft-qazın geologiyası kafedrasının baş müəllimi Zaur Bayramovdur. Qrup çərçivəsində aparılan tədqiqatlar neft mühəndisliyi və rezervuar geologiyası, hidro-mexaniki modelləşdirmə, aktiv tektonika və yer qabığı flüidləri, eləcə də ətraf mühit mineralogiyası və geokimya istiqamətlərini birləşdirir.
Araşdırmalar rezervuar geomexanikası və süxur xassələrinin məlumat əsaslı modelləşdirmə və simulyasiya ilə inteqrasiyasını, yağıntı və yeraltı suların təsiri ilə yaranan torpaq sürüşmələri və qeyri-sabitlik proseslərinin qabaqcıl hidro-mexaniki modellərlə təhlilini, Qafqaz və Qərbi Xəzər regionunda müasir yer deformasiyası proseslərinin kosmik və yerüstü geodezik ölçmələr əsasında öyrənilməsini əhatə edir. Eyni zamanda, gil minerallarının litium, nikel və mis kimi yaşıl enerji texnologiyaları üçün kritik elementlərin potensial mənbəyi kimi rolu, eləcə də bu mineralların CO₂ emissiyalarının azaldılması və torpaq məhsuldarlığının artırılmasındakı təsiri tədqiqatların mühüm istiqamətlərindəndir
Qeyd edək ki, Yer Elmləri və Georesurslar üzrə tədqiqat qrupunun yaradılmasında məqsəd ADNSU-da yer elmləri üzrə elmi potensialın sistemli şəkildə gücləndirilməsinə, beynəlxalq elmi əməkdaşlıqların, eləcə də universitetin tədqiqat yönümlü inkişaf strategiyasının genişləndirilməsinə töhfə verməkdir.