×

Xəbərlər

Xəbərlər 12 Feb 2026
İndoneziyalı tələbələr ADNSU-da səfərdə olub

Fevralın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Əcnəbi tələbələrlə iş şöbəsinin təşəbbüsü ilə İndoneziya Respublikasının Azərbaycandakı Səfirliyinin nəzdində fəaliyyət göstərən İndoneziya Tələbə və Gənclər Cəmiyyətinin üzvləri ilə görüş keçirilib.

Görüşdə Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva ADNSU-nun beynəlxalq tələbələr üçün yaratdığı imkanlar, mövcud təhsil proqramları və universitetin qlobal əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. Qonaq tələbələr universitetin akademik mühiti, tədris proqramları, elmi-tədqiqat imkanları və maddi-texniki bazası ilə yaxından tanış olublar.

Səfər çərçivəsində tələbələr ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan İnnovasiya Mərkəzində də olublar. Burada həyata keçirilən innovativ layihələr, startap ekosistemi və tələbələrin təşəbbüslərinin dəstəklənməsi mexanizmləri barədə onlara məlumat verilib.

Görüş zamanı həmçinin İndoneziyalı gənclərin ADNSU-da təhsil imkanları barədə geniş təqdimat keçirilib, universitetin beynəlxalq tələbələr üçün təqdim etdiyi üstünlüklər və qəbul prosesi izah edilib. Tərəflər arasında qarşılıqlı əməkdaşlıq perspektivləri, tələbə mübadiləsi və birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Səfərin sonunda qonaqların şərəfinə çay süfrəsi təşkil olunub, qeyri-rəsmi mühitdə səmimi fikir mübadiləsi aparılıb və qarşılıqlı əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi istiqamətində razılıq ifadə olunub.


Paylaş