×

Xəbərlər

Xəbərlər 13 Feb 2026
Qazaxıstan Respublikasının 6 ali təhsil müəssisəsinin nümayəndə heyəti ADNSU-da səfərdə olub

Fevralın 13-də Qazaxıstan Respublikasının ali təhsil müəssisələrinin professor-müəllim heyəti və tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub.

15 nəfərlik nümayəndə heyətində Qazaxıstanın nüfuzlu ali təhsil müəssisələrindən - Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti, Əl-Fərabi adına Qazax Milli Universiteti, Lev Qumilyov adına Avrasiya Milli Universiteti, Abay adına Qazax Milli Pedaqoji Universiteti və Karaqanda Texniki Universitetinin təmsilçiləri iştirak ediblər.

Görüş zamanı ADNSU-nun tədris və elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq əlaqələri, sənaye ilə inteqrasiya modeli, eləcə də dayanıqlı inkişaf və enerji təhlükəsizliyi istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Tədbirdə ADNSU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elviz İsmayılov qonaqları salamlayaraq, universitetin beynəlmiləlləşmə strategiyası və Orta Asiya ali təhsil məkanı ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, iki ölkənin ali təhsil müəssisələri arasında akademik mobillik, birgə elmi tədqiqat layihələri və institusional tərəfdaşlıq imkanlarının, mövcud potensialından bəhs edib.

Görüş çərçivəsində tərəflər arasında müəllim və tələbə mübadiləsi, ortaq elmi konfransların təşkili, innovasiya və texnologiya transferi sahəsində əməkdaşlıq perspektivləri üzrə geniş fikir mübadiləsi aparılıb.

 


Paylaş