Fevralın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Startup və Texnologiyaların Transferi Ofisi (TTO) şöbəsi tərəfindən təşkil olunan SkillCamp proqramının yekun təqdimat günü uğurla baş tutub.
İki həftə davam edən intensiv proqram çərçivəsində iştirakçılar real layihələr üzərində çalışaraq praktiki bilik və bacarıqlarını nümayiş etdiriblər. Təlimlər mentorların rəhbərliyi ilə həyata keçirilib və yekunda komandalar hazırladıqları 28 funksional layihələri təqdim ediblər.
Proqram süni intellekt və maşın öyrənməsi, veb proqramlaşdırma, oyun inkişafı, eləcə də robototexnika və əşyaların interneti (IoT) istiqamətlərini əhatə edib. Oyun inkişafı istiqamətində 7 nəfər təlimə cəlb olunub. Süni intellekt və maşın öyrənməsi üzrə hər biri 22 və 23 nəfərdən ibarət iki qrup formalaşdırılıb. Veb proqramlaşdırma istiqamətində isə 10 və 14 nəfərlik iki təlim qrupu fəaliyyət göstərib. Robototexnika və IoT sahəsində təşkil olunan təlimdə 8 nəfər iştirak edib.
“Demo day” formatında keçirilən təqdimat tədbirində layihələr mentorlar tərəfindən texniki səviyyə, innovativ yanaşma və komanda işi meyarları əsasında qiymətləndirilib. İştirakçılar həm texniki biliklərini, həm də təqdimat və əməkdaşlıq bacarıqlarını nümayiş etdiriblər.