Azərbaycan Karate Federasiyasının (AKF) 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat tədbirində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və Menecment fakültəsinin 3-cü kurs tələbəsi Nicat Kərimli xüsusi sertifikatla təltif edilib.
Federasiya prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə keçirilən tədbirdə, il ərzində fərqlənən idmançılar və milli komanda üzvləri mükafatlandırılıb. Nicat Kərimli 2025-ci il ərzində karate idman növü üzrə göstərdiyi nailiyyətlərə və peşəkar fəaliyyətinə görə federasiyanın mükafat və diplomlarına layiq görülənlər sırasında yer alıb.
Mərasimdə qeyd olunub ki, tələbə-idmançıların bu cür uğurları həm təhsil müəssisələrinin, həm də ölkə idmanının inkişaf perspektivlərini əks etdirir. Federasiyanın hesabatında karate ailəsinin ötən il qazandığı 209 medal və rəqəmsal idarəetməyə keçid islahatları da uğurlu nəticələr kimi vurğulanıb.
Qeyd edək ki, karate idman növü üzrə bir çox yarışlarda ölkəmizi təmsil edən və mükafatlar qazanan Nicat Kərimli 2024-cü ildə Bolqarıstanda Şotokan Karate-do (WSF) üzrə gənclər arasında keçirilən 14-cü Dünya çempionatında dünya çempionu olub.