Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin birgə təşkilatçılığı ilə IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib. Forum ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetində baş tutub.
Forumda dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, akselerasiya və inkubasiya mərkəzlərinin təmsilçiləri, investorlar, aqrar startapçılar və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər iştirak ediblər.
Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) startap komandaları da fəal iştirak edib. Universiteti aqrar texnologiyalar və innovativ həllər üzrə fəaliyyət göstərən 3 startap təmsil edərək (Yaşıl Ozon, Healwith və Hydrox) öz layihələrini forum iştirakçılarına təqdim edib və ekosistem nümayəndələri ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Forum çərçivəsində aqrar startapçıların, akselerasiya və inkubasiya mərkəzlərinin, eləcə də özəl sektor nümayəndələrinin təqdim etdiyi innovativ texnologiyalar sərgilənib. Sərgidə süni intellekt əsaslı suvarma sistemləri, aqrorobot texnologiyaları, torpaq və məhsul monitorinqi həlləri, alternativ enerji və bioyanacaq layihələri, ağıllı istixana sistemləri və rəqəmsal aqrar platformalar nümayiş olunub.
Ümumilikdə sərgidə müxtəlif müsabiqə və yarışların qalibləri də daxil olmaqla, 90-dan çox startapçı 43 innovativ məhsulla təmsil olunub. Tədbirdə eyni zamanda 20 ali təhsil müəssisəsi, 20-dən artıq akselerasiya və inkubasiya mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları və aqrar sahədə fəaliyyət göstərən özəl şirkətlər iştirak ediblər.
Forum çərçivəsində “Aqrar startaplar ekosisteminin inkişafının perspektivləri” və “İnnovasiyaların formalaşdırılması və tətbiqində bilik və akademiyanın rolu” mövzularında panel müzakirələr keçirilib. Müzakirələrdə universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, elmi tədqiqatların kommersiyalaşdırılması və investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
IV Aqrar Startaplar və İnnovasiya Forumu aqrar innovasiya ekosisteminin gücləndirilməsi, startapların bazara çıxış imkanlarının genişləndirilməsi, investorlarla əməkdaşlığın qurulması və elmi biliklərin praktik tətbiqinin təşviqi baxımından mühüm platforma kimi qiymətləndirilir. ADNSU startaplarının forumda iştirakı isə universitetdə formalaşan innovasiya mühitinin və gənc tədqiqatçıların aqrar texnologiyalar sahəsinə artan marağının göstəricisidir.