×

Xəbərlər

Xəbərlər 17 Feb 2026
ADNSU-da “Açıq məlumatlar” üzrə maarifləndirici təlim proqramı” keçirilib

Fevralın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Startup & TTO şöbəsinin təşkilatçılığı və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə “Açıq məlumatlar üzrə Maarifləndirici Təlim Proqramı” keçirilib. 

Təlimdə universitetin akademik heyət üzvləri, doktorantlar, magistr və bakalavr pillələri üzrə təhsil alan tələbələr iştirak ediblər. 

Təlimçi Xanım Rəhmanova təqdimatı zamanı açıq məlumat anlayışı, beynəlxalq təcrübə, Azərbaycanda açıq məlumatlar ekosistemi, hüquqi və institusional çərçivə, eləcə də açıq məlumatların innovasiya və data əsaslı qərarvermədə rolu barədə ətraflı məlumat verib. Eyni zamanda açıq məlumatların sosial və iqtisadi inkişafda əhəmiyyəti, dövlət və özəl sektorda tətbiqi imkanları iştirakçıların diqqətinə çatdırılıb.

Proqram çərçivəsində təşkil olunan praktiki sessiyada iştirakçılar açıq məlumat mənbələri ilə işləmək, məlumatların ilkin analizi və onların müxtəlif məqsədlər üçün istifadəsi ilə bağlı nümunələrlə tanış olublar.

Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və bu cür təşəbbüslərin universitet mühitində data mədəniyyətinin formalaşdırılması, innovativ düşüncənin təşviqi və müasir rəqəmsal bacarıqların inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Qeyd edək ki, təlimin əsas məqsədi “Rəqəmsal İnkişaf Konsepsiyası”na uyğun olaraq açıq məlumatların sosial, iqtisadi və ətraf mühit sahələrində əhəmiyyətini izah etmək, bu sahədə maarifləndirməni artırmaq və insan kapitalının inkişafına xidmət etmək olub.


Paylaş