×

Xəbərlər

Xəbərlər 17 Feb 2026
ADNSU-da AIRO 2026- Beynəlxalq Robot Olimpiadasına həsr olunmuş infosessiya keçirilib

Fevralın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azərbaycan Beynəlxalq Robot Olimpiadası 2026 (AIRO 2026) beynəlxalq robotika yarışmasına həsr olunmuş məlumatlandırıcı infosessiya təşkil olunub.

İnfosessiyada AIRO 2026-nın Baş koordinatoru İmamir Mirzoyeva, koordinatorlar Leyla Səfərli və Muğan Güləli, eləcə də mentorlar Fərid Mürşüdlü və Kamil Ağayev çıxış edərək yarışın məqsədi, formatı və iştirak imkanları barədə tələbələrə ətraflı məlumat veriblər.

Təqdimat zamanı iştirakçılara yarışmanın əsas istiqamətləri və kateqoriyaları, barədə geniş məlumat təqdim olunub. Bildirilib ki, bu kateqoriyalar tələbələrin robototexnika, proqramlaşdırma, mühəndislik və innovativ düşünmə bacarıqlarının inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.

Eyni zamanda, tələbələrə AIRO 2026 yarışmasının keçiriləcəyi ərazi açıqlanıb və yarışmada ümumilikdə 12 kateqoriya üzrə iştirakçıların mübarizə aparacağı bildirilib. Qeyd olunub ki, yarışın qalibləri beynəlxalq səviyyədə keçirilən nüfuzlu robotika turnirlərində, o cümlədən Yaponiyanın Tokio şəhərində təşkil olunan All Japan Robot Sumo Tournament yarışmasında Azərbaycanı təmsil etmək imkanı əldə edəcəklər.

Infosessiya çərçivəsində həmçinin hackathon formatı, robotların hazırlanması prinsipləri, yarış qaydaları və iştirak üçün qeydiyyat prosedurları barədə də ətraflı məlumat verilib, tələbələrin sualları cavablandırılıb və onların robotika sahəsində beynəlxalq yarışlarda fəal iştirakının əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, tədbirin əsas məqsədi ADNSU tələbələrinin robototexnika sahəsinə marağının artırılması, onların beynəlxalq yarışlarda iştirak imkanlarının genişləndirilməsi və innovasiya yönümlü bilik və bacarıqlarının inkişafına dəstək göstərmək olub.


Paylaş