Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova və həmin fakültənin dekan müavini, dosent Lalə Hüseynovanın həmmüəllif olduqları elmi məqalə Q1 kateqoriyalı nüfuzlu beynəlxalq jurnalda çap olunub.
“Maye fazada benzolun fenola dəmir-mordenit katalizatorlarının iştirakı ilə birbaşa hidroksilləşməsi: DLS–EPR birgə tədqiqatı və termodinamik stabilliyin analizi” adlı məqalə 2026-cı ildə “Catalysts” jurnalının 16-cı cildi, 89-cu nömrəsində dərc edilib. Jurnal “Web of Science” və “Scopus” beynəlxalq indeksləşmə bazalarına daxildir və Scopus üzrə Q1 kvartilinə aiddir.
Tədqiqat “yaşıl kimya”nın əsas istiqamətlərindən biri olan benzolun fenola hidrogen peroksidlə birbaşa katalitik hidroksilləşməsi prosesinə həsr olunub. Məqalədə 30%-li hidrogen peroksid məhlulu iştirakı ilə maye fazada aparılan proses zamanı dəmir-mordenit katalizatorunun stabilliyi həm katalitik ölçmələr, həm də in situ rejimdə işığın dinamik səpilməsi (DLS) və elektron paramaqnit rezonansı (EPR) üsulları ilə kompleks şəkildə araşdırılıb.
Araşdırma nəticəsində müəyyən edilib ki, dispers sistemin katalitik aktivliyi hidrogen peroksidin mordenit səthində stabilləşmiş nanoölçülü maqnetit (Fe₃O₄) hissəcikləri ilə qarşılıqlı təsiri nəticəsində yaranan hidroksil radikalları ilə şərtlənir.
Məqalənin tam mətni ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:
https://doi.org/10.3390/catal16010089