Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunu, Almaniyada fəaliyyət göstərən azərbaycanlı tədqiqatçı- Sonabəyim Hüseynzadə dünyanın ən nüfuzlu beynəlxalq təhsil proqramlarından biri olan “Şvarsman Təqaüdçüləri” (Schwarzman Scholars) proqramını qazanıb.
Proqram çərçivəsində Sonabəyim Hüseynzadə Çinin aparıcı ali təhsil müəssisələrindən olan Tsinxua Universitetində qlobal məsələlər üzrə tam maliyyələşdirilən magistr təhsili alacaq. Təhsil müddətində beynəlxalq siyasət, süni intellekt və yeni texnologiyaların qlobal təsirləri istiqamətində ixtisaslaşacaq. O, mühəndislik sahəsində fəaliyyəti, humanoid və robototexnika üzrə beynəlxalq tədqiqat layihələrində əldə etdiyi nəticələrə görə seçilib.
Qeyd edək ki, proqram çərçivəsində hər il dünyanın müxtəlif ölkələrindən məhdud sayda namizəd seçilir və seçim prosesi akademik göstəricilər, liderlik potensialı və ictimai fəallıq meyarları əsasında aparılır.
Sonabəyim Hüseynzadə həmçinin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Köln şəhərində keçirilən Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin II Forumunda iştirak edib. Həmçinin I”EEE Women in Engineering” (WIE) təşkilatının Azərbaycan bölməsinin sədridir və sosial robototexnika üzrə tədqiqatçı kimi fəaliyyət göstərir. Bundan əlavə, Londonda keçiriləcək “Beynəlxalq Robot Olimpiadası 2026” (ICSR 2026) konfransının təşkilat komitəsinin üzvüdür.
Sonabəyim Hüseynzadənin bu nailiyyəti bir daha göstərir ki, ADNSU məzunlarının beynəlxalq elmi və akademik mühitdə uğurla təmsil olunur.