×

Xəbərlər

Xəbərlər 21 Feb 2026
ADNSU-nun məzunu, Böyük Britaniyanın York Universitetinin doktorantura məzunu universitetin nəzdində yaradılan Süni İntellekt İnstitutunun layihə rəhbəri təyin olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunu Yusif İbrahimov ADNSU-nun nəzdində yaradılan Süni İntellekt İnstitutunun layihə rəhbəri təyin olunub.

Yusif İbrahimov ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu olmaqla yanaşı, beynəlxalq elmi və layihə idarəçiliyi təcrübəsinə malik mütəxəssisdir. O, 2022-ci ildə “4SİM Azərbaycan”da süni intellekt üzrə layihə rəhbəri kimi fəaliyyət göstərib, 2025-ci ildə isə York universitetində doktorantura təhsilini tamamlayıb. “Sosial media vasitəsilə psixi sağlamlıq üçün izaholunan süni intellekt” mövzusunda tədqiqat aparıb. Yusif İbrahimov doktorantura dövründə tədris və qiymətləndirmə fəaliyyətində iştirak edib və “Advance HE” tərəfindən assosiativ üzv statusuna layiq görülüb.

Qeyd edək ki, ADNSU-nun nəzdində Süni İntellekt İnstitutunun yaradılması Azərbaycan Respublikasında süni intellektin inkişafına dair milli prioritetlərə, eləcə də 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyasına elmi dəstəyin təmin edilməsi məqsədi daşıyır. İnstitut milli təhlükəsizliyin və texnoloji suverenliyin möhkəmləndirilməsinə, insan kapitalının qorunmasına, dövlət idarəetməsində səmərəliliyin artırılmasına, həmçinin iqtisadi və sənaye inkişafına töhfə verməyi hədəfləyir.

Süni İntellekt İnstitutu fundamental və tətbiqi tədqiqatları birləşdirən elmi mərkəz kimi fəaliyyət göstərəcək. İnstitut çərçivəsində süni intellekt sahəsində milli prioritet istiqamətlər üzrə davamlı və strukturlaşdırılmış tədqiqat mühitinin yaradılması, real sənaye və dövlət problemlərinin elmi əsaslarla həlli üçün effektiv mexanizmlərin qurulması, eləcə də akademiya–sənaye əməkdaşlığının gücləndirilməsi əsas hədəflər kimi müəyyən olunub.

İnstitutun əsas tədqiqat istiqamətlərinə kompüter görməsi və robototexnika, təbii dil emalı (xüsusilə Azərbaycan dili üçün böyük dil modellərinin hazırlanması), təhlükəsiz və məsuliyyətli süni intellekt sistemləri, təkamül hesablamaları və statistik öyrənmə sahələri daxildir. Hədəf qlobal səviyyədə rəqabət aparan, dərin elmi baza üzərində qurulan süni intellekt yaratmaqdır.


Paylaş