Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Startup və TTO şöbəsi və “SABAH.Academy”nin birgə təşkilatçılığı ilə “Sahibkarlığın əsasları və biznesə giriş” fənninə start verilib.
Fənnin mühazirələrini “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı”nın və “Trilogy.News”un həmtəsisçisi Göktüğ Sarı tədris edəcək. Seminar məşğələləri isə yerli startup ekosistemindən dəvət olunmuş ekspertlər tərəfindən keçiriləcək.
Tədris zamanı tələbələr sahibkarlığın əsas prinsipləri, biznes ideyalarının formalaşdırılması, bazar araşdırması metodları, innovativ düşüncə və kreativ həll yolları, komanda işi və liderlik bacarıqları, biznes modellərinin qurulması və strategiya planlaşdırma ilə tanış olacaqlar.
Qeyd edək ki, “Sahibkarlığın əsasları və biznesə giriş” təlimi 1 semestr (15 həftə) davam edəcək və proqramda İqtisadiyyat və menecment fakültəsi, İnformasiya texnologiyaları və idarəetmə fakültəsi, həmçinin Qaz-neft-mədən və Energetika fakültəsinin tələbələri iştirak edəcəklər.
Proqramı uğurla başa vuran tələbələr müəyyən edilmiş meyarlara əsasən “SABAH.Academy” tərəfindən sertifikatla təltif olunacaqlar.
Bu təşəbbüs tələbələrin sahibkarlıq üzrə nəzəri və praktiki biliklərini artırmaqla yanaşı, onların qlobal biznes mühitinə inteqrasiyasına da mühüm dəstək verir.