×

Xəbərlər

Xəbərlər 23 Feb 2026
ADNSU-da “IDEALISE 2” İnkubasiya Proqramının oriyentasiya görüşü keçirilib

Fevralın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “IDEALISE 2” İnkubasiya Proqramının oriyentasiya görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan Rəqəmsallaşdırma Departamentinin Startup və Texnologiyaların Transferi Ofisi (TTO) şöbəsinin müdiri Əhməd Əhmədzadə layihənin əhəmiyyətindən və inkubasiya prosesinin mərhələlərindən danışıb. O, “IDEALISE 2” proqramının tələbələrin innovativ ideyalarının sistemli şəkildə inkişaf etdirilməsi, bazar tələblərinə uyğunlaşdırılması və real biznes modelinə çevrilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb. Həmçinin inkubasiya müddətində komandaların seçim prosesi, təlim, mentorluq və qiymətləndirmə mərhələləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, proqram universitet-sənaye əməkdaşlığının gücləndirilməsinə və tələbələrin təşəbbüskarlıq bacarıqlarının artırılmasına xidmət edir.

Daha sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) layihə meneceri Nigar Davud proqram haqqında ümumi məlumat verib. O, “IDEALISE 2”nin məqsədləri, iştirak şərtləri, seçim meyarları və iştirakçılara təqdim olunacaq imkanlar barədə danışıb. Bildirilib ki, proqram çərçivəsində komandalar üçün praktiki təlimlər, fərdi mentorluq görüşləri, bazar araşdırması dəstəyi və yekunda “Demo day” mərhələsində layihələrin təqdimatı nəzərdə tutulur.

Tədbirin sonunda interaktiv sual-cavab sessiyası təşkil olunub, iştirakçıların sualları ətraflı cavablandırılıb.

Qeyd edək ki, “IDEALISE 2” İnkubasiya Proqramı tələbə və gənclərin innovativ düşüncəsinin inkişaf etdirilməsi, startap ideyalarının formalaşdırılması və dayanıqlı biznes təşəbbüslərinin dəstəklənməsi məqsədilə həyata keçirilir.


Paylaş