Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə 15–17 aprel 2026-cı il tarixlərində Özbəkistan Respublikasının Səmərqənd şəhərində VIII Beynəlxalq Elmi Konfransn “Tikinti mexanikası, hidravlika və su ehtiyatları mühəndisliyi” (CONMECHYDRO 2026)” təşkil olunacaq.
Konfrans Mirzə Uluqbəy adına Səmərqənd Dövlət Memarlıq və İnşaat Universiteti, Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri İnstitutu Milli Tədqiqat Universiteti, Kərşi Dövlət Texniki Universiteti, Milli Tədqiqat Moskva Dövlət İnşaat Universiteti və Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universiteti ilə birgə keçirilir.
Tədbir çərçivəsində elm və texnologiyanın müxtəlif istiqamətləri üzrə qəbul olunmuş elmi məqalələrin Scopus (Elsevier) bazasında indeksləşdirilən jurnalda dərc olunması nəzərdə tutulur. Konfransın dili ingilis dilidir, iştirak üçün təşkilati ödəniş isə 230 avro təşkil edir.
Elmi istiqamətlərə ekologiya və hidroenergetika mühəndisliyi, fiziki proseslərin modelləşdirilməsi, hidravlika və hidrotexniki tikinti, yol tikintisi və bina konstruksiyaları, mühəndis materialşünaslığı, intellektual nəqliyyat sistemləri, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi, eləcə də bərpa olunan enerji mənbələri daxildir.
ADNSU konfransın həmtəşkilatçısı qismində bildirir ki, universitet adından təqdim olunacaq məqalələr mərkəzləşdirilmiş qaydada Elmi tədqiqatların əlaqələndirilməsi və monitorinqi şöbəsi vasitəsilə göndəriləcək. Bu səbəbdən müəlliflərdən məqalələrini 20 mart 2026-cı il tarixinədək science@asoiu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Ətraflı məlumat üçün: https://conmechydro.tiiame.uz/