Tədbir saat 17:00-da universitetin 250 nömrəli auditoriyasında baş tutacaq.
Seminarda Yusif Ibrahimov çıxış edəcək. Çıxış zamanı psixi sağlamlığın qiymətləndirilməsində süni intellekt texnologiyalarının müasir tətbiqləri, bu sahədə əldə olunan nailiyyətlərlə yanaşı, mövcud etik və elmi çağırışlar müzakirə ediləcək. Xüsusilə “qara qutu” xarakterli modellərin yaratdığı etibar problemləri və bu problemlərin izah edilə bilən süni intellekt (XAI) yanaşmaları ilə necə aradan qaldırıla biləcəyi diqqət mərkəzində olacaq.
Təqdimatda mətn əsaslı onlayn məlumatlar üzərindən psixi sağlamlıq göstəricilərinin təhlili, bilik qraflarına əsaslanan izah mexanizmləri və bu izahların elmi və praktik baxımdan əhəmiyyəti izah ediləcək. Seminar iştirakçılarına AI modellərinin nəticələrinin necə daha şəffaf, sabit və etibarlı hala gətirilə biləcəyi barədə aktual nümunələr təqdim olunacaq.
Seminarın məqsədi süni intellektin psixi sağlamlıq sahəsində istifadəsinə dair elmi müzakirələri genişləndirmək, izah edilə bilən AI konsepsiyası haqqında maarifləndirməni artırmaq və bu istiqamətdə aparılan tədqiqatların praktik tətbiq imkanlarını dəyərləndirməkdir.
Qeyd edək ki, Yusif Ibrahimov magistr təhsilini UFAZ-da kompüter elmləri üzrə tamamlamışdır. O, 2022–2025-ci illərdə Böyük Britaniyanın University of York universitetində doktorantura təhsili almış və dissertasiya işini “Psixi sağlamlıq üçün izah edilə bilən süni intellekt yanaşmaları” mövzusunda müdafiə etmişdir. Hazırda UFAZ/ADNSU-da kompüter elmləri üzrə müəllim və tədqiqatçı kimi fəaliyyət göstərir.
Seminar kompüter elmləri, süni intellekt, verilənlər elmi, eləcə də psixi sağlamlıq mövzularına maraq göstərən bakalavr və magistr tələbələri, tədqiqatçılar və mütəxəssislər üçün nəzərdə tutulub.