Fevralın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Startup və TTO şöbəsi və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “İnnovasiya və Süni İntellekt” təqaüd proqramı üzrə infosessiya keçirilib.
Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndələri – Səbuhi Quluzadə, Ülvi Xəlilov və Rüstəm Abdullayev, eyni zamanda, Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşları Nərmin Abışova və Əzizə Novruzova proqramın əhəmiyyəti və gənclər üçün yaratdığı imkanlar barədə iştirakçılara ətraflı məlumat veriblər.
İnfosessiya çərçivəsində proqramın məqsədi, seçim mexanizmi, mərhələli qiymətləndirmə prosesi, təlim istiqamətləri, eləcə də iştirakçılar üçün yaradılan yerli və beynəlxalq inkişaf imkanları barədə geniş təqdimat olunub.
ADNSU Startup və TTO şöbəsinin müdiri Əhməd Əhmədzadə çıxışında universitetdəki innovasiya ekosisteminin inkişafı, tələbələrin texnologiya və süni intellekt sahələrinə marağının artırılması istiqamətində həyata keçirilən təşəbbüslər barədə fikirlərini bölüşüb.
Görüş zamanı tələbələrə süni intellekt, data analitika, proqramlaşdırma və texnologiya əsaslı innovasiya istiqamətlərində nəzərdə tutulan təlimlər barədə ətraflı məlumat verilib, seçim prosesinin mərhələləri izah edilib və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, infosessiyanın əsas məqsədi innovasiya və süni intellekt sahəsinə maraq göstərən tələbələrin məlumatlandırılması, onların proqramda fəal iştirakının təşviq edilməsi və rəqəmsal bacarıqlarının inkişafına dəstək göstərilməsi olub.