Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alan türkiyəli tələbələr “Azərbaycan–Türkiyə Ticarət Forumu” və B2B (Business-to-Business) görüşlərində iştirak ediblər.
Görüşlərdə əsasən ADNSU-nun Biznesin idarə edilməsi və Menecment ixtisasları üzrə təhsil alan tələbələri iştirak ediblər. Forum və B2B görüşləri tələbələr üçün nəzəri biliklərin real biznes mühitində tətbiqi, müasir idarəetmə yanaşmaları ilə yaxından tanışlıq və praktiki təcrübə qazanmaq baxımından mühüm imkan yaradıb.
Eyni zamanda, tələbələr Azərbaycan və Türkiyə şirkət nümayəndələri ilə birbaşa ünsiyyət quraraq peşəkar əlaqələr formalaşdırmaq, potensial əməkdaşlıq və karyera imkanlarını dəyərləndirmək şansı əldə ediblər. Bu cür təşəbbüslər ADNSU-da təhsilin praktik yönümlülüyünün gücləndirilməsinə, tələbələrin beynəlxalq biznes mühitinə inteqrasiyasına və əmək bazarına daha hazırlıqlı çıxışına töhfə verir.
Qeyd edək ki, forum müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkət nümayəndələrini, sahibkarları və işgüzar dairələri bir araya gətirib.