×

Xəbərlər

Xəbərlər 26 Feb 2026
ADNSU-da Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov Xocalı faciəsinin siyasi-hüquqi qiymətləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının önəmini vurğulayıb. Gənclərin Xocalı həqiqətləri barədə dolğun və faktlara əsaslanan məlumatlandırılmasının mühüm əhəmiyyət daşıdığını deyən rektor Rüfət Əzizov, xüsusilə xaricdə yaşayan azərbaycanlı gənclərin bu həqiqətlərin beynəlxalq ictimaiyyətə düzgün və əsaslandırılmış şəkildə çatdırılmasında fəal mövqe nümayiş etdirməli olduqlarını bildirib. 

Millət vəkili Aydın Mirzəzadə çıxışında Xocalı faciəsinin bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edərək Xocalıda azərbaycanlıların başına gətirilən müsibətlərədən, erməni vəhşiliklərindən söz açıb. O həmçinin qeyd edib ki, bu gün Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etməklə Xocalı qurbanlarının qisasını döyüş meydanında alıb və bütün şəhidlərimizin ruhunu şad edib.

Tədbirdə Xocalı dəhşətlərini əks etdirən qısametrajlı film nümayiş olunub. Universitet tələbələrinin ifasında Xocalıya həsr olunmuş şeirlər səsləndirilib. 

Tədbir çərçivəsində həmçinin, ADNSU Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş kitab sərgisi nümayiş etdirilib. Sərgidə faciənin tarixi faktlarını, şahid ifadələrini və erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdıran nəşrlər yer alıb.


Paylaş