×

Xəbərlər

Xəbərlər 27 Feb 2026
ADNSU-da əcnəbi tələbələrin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Fevralın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Əcnəbi tələbələrlə iş şöbəsinin və Təhsilalanlarla iş mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Universitetin Kitabxana İnformasiya Mərkəzində keçirilən tədbirdə öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin, eləcə də Xocalı qurbanlarının xatirəsi anılıb. Görüşdə dünyanın müxtəlif ölkələrindən olan və ADNSU-da təhsil alan əcnəbi tələbələr, eləcə də universitetin struktur bölmə rəhbərləri iştirak ediblər.

Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva tədbirin əhəmiyyətindən danışaraq 34 il əvvəl Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş qətliam barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, dinc əhaliyə qarşı törədilmiş bu faciə XX əsrin ən qanlı hadisələrindən biri kimi tarixə düşüb. Qeyd olunub ki, Azərbaycan Ordusu uzun illər işğal altında qalan torpaqlarımızı, o cümlədən Xocalını azad edib və hazırda Xocalıda həyat yenidən qurulub davam edir.

ADNSU-nun Təhsilalanlarla iş mərkəzinin müdiri Rəna Cəbrayılova, mərkəzin əməkdaşı Səid İsgəndərov çıxışlarında Xocalı soyqırımının unudulmamasının vacibliyini vurğulayıblar, bu kimi tədbirlərin gənclərin tarixi həqiqətlər barədə məlumatlandırılması baxımından əhəmiyyətini qeyd ediblər.

Tədbirdə əcnəbi tələbələr Xocalı faciəsinə həsr olunmuş şeirləri öz dillərində səsləndiriblər.


Paylaş