Fevralın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 1 mart – Beynəlxalq Mülki Müdafiə Günü münasibətilə “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda tədbir təşkil olunub. Tədbirin əsas məqsədi fövqəladə halların qarşısının alınması, əhalinin təhlükəsizliyinin təmin edilməsi və mülki müdafiə sisteminin rolunun gücləndirilməsi istiqamətində maarifləndirmə işinin aparılması olub.
Tədbirdə ADNSU-nun ümumi işlər üzrə prorektoru Elnur İsmayılov, rektorun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova, dekanlar və fakültə nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun ümumi işlər üzrə prorektoru Elnur İsmayılov təhlükəsizlik, mülki müdafiə, eləcə də ekoloji risklərin idarə olunmasından danışıb və bu baxımdan belə tədbirlərin əhəmiyyətli olduğunu bildirib. Prorektor çıxışında qeyd edib ki, mülki müdafiə, təhlükəsizlik, o cümlədən ekoloji təhlükəsizliyin təmin olunması insan sağlamlığının, iqtisadi sabitliyin və sosial rifahın müdafiəsini əhatə edir. Onun sözlərinə görə, təhlükəsizlik tədbirlərində ətraf mühitin qorunması mühüm qlobal məsələdir və bu baxımdan ekoloji risklərin qabaqlayıcı tədbirlər əsasında idarə olunması dayanıqlı inkişafın əsas şərtlərindən biri kimi qiymətləndirilir. Elnur İsmayılov iştirakçıların diqqətinə onu da çatdırıb ki, təhlükəsizlik sahəsində elmi yanaşmaların gücləndirilməsi və peşəkar kadr hazırlığı risklərin effektiv idarə edilməsində mühüm rol oynayır.
Tədbirdə ADNSU-nun Mülki Müdafiə Qərargahının rəisi Elşən Məmmədov mülki müdafiənin məqsəd və vəzifələri, qanunvericilik bazası, fövqəladə hallarda təhlükəsizliyin təmin edilməsi, xilasetmə və qəza-bərpa işlərinin təşkili barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Tədbirdə ADNSU-nun 2 saylı poliklinikasının baş həkimi Xaqani Cəfərov fövqəladə hallar zamanı zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsinin əhəmiyyəti barədə məlumat təqdim etdikdən sonra Sənaye təhlükəsizliyi və əməyin mühafizəsi kafedrasının dosenti Vəfa Kərimli ekoloji tarazlığın qorunması və risklərin idarə olunmasının elmi-praktik aspektləri haqqında çıxış edib.
Müzakirələrdə fakültə rəhbərləri və əməkdaşlar fəal iştirak ediblər. Belə ki, ADNSU-nun Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev, Kimya texnologiyası fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova mülki müdafiədə, həmçinin ekoloji təhlükəsizliyin təminatında vacib məqamlara toxunublar.
Tədbir çərçivəsində ekoloji risklərin idarə edilməsinin müasir dövrdə prioritet istiqamətlərdən biri olduğu bir daha diqqətə çatdırılıb, dayanıqlı və sabit gələcəyin təmin olunması üçün qabaqlayıcı tədbirlərin və ictimai maarifləndirmənin əhəmiyyəti vurğulanıb.
Sonda zəlzələlərin necə baş verməsindən və hansı fəsadlara gətirib çıxarmasından bəhs edən videoçarx nümayiş etdirilib.