×

Xəbərlər

Xəbərlər 27 Feb 2026
ADNSU-nun əcnəbi tələbələri XVII Beynəlxalq Multikulturalizm Məktəbində iştirak edir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən “Azərbaycanın mədəniyyətlərarası kontekstində: Şəhər yaddaşı və memarlıq” mövzusunda təşkil olunan XVII Beynəlxalq Multikulturalizm Məktəbinə start verilib.

Fevralın 25-dən başlayan və martın 3-dək davam edəcək məktəbdə dünyanın 20 ölkəsindən 25-dən artıq tələbə iştirak edir. İştirakçılar arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 4 əcnəbi tələbəsi də yer alıb. Həmin tələbələr Ekvador, Qrenada, Qambiya və Misirdən olan gənclərdir və layihədə universiteti təmsil edirlər.

Proqram çərçivəsində iştirakçılar əvvəlcə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini yad ediblər. Daha sonra onlara Bakının tarixi, şəhər memarlığı və abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Layihə çərçivəsində məktəb müddətində tələbələr Bakı ilə yanaşı, Quba və Qusar rayonlarına da səfər edəcək, Azərbaycanın multikultural mühiti, etnik və dini müxtəlifliyi, tolerantlıq ənənələri ilə yaxından tanış olacaqlar. Proqram çərçivəsində “Öz xalqını təqdim et” adlı musiqili axşamların təşkili də nəzərdə tutulub. 

ADNSU-nun əcnəbi tələbələrinin bu cür beynəlxalq platformada təmsil olunması universitetin multikultural mühitinin və beynəlxalqlaşma strategiyasının göstəricisidir.


Paylaş