Fevralın 27-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və ADNSU-nun Startup və TTO Şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən DEEP TECH İnkubasiya Proqramının rəsmi açılış mərasimi baş tutub.
Açılışda çıxış edən şöbə rəhbəri Əhməd Əhmədzadə proqramın universitetlərdə formalaşan elmi-tədqiqat nəticələrinin real sənaye və bazar dəyərinə çevrilməsinə xidmət etdiyini bildirib. İRİA-nın layihə meneceri Nigar Davud isə innovasiya ekosisteminin inkişafı və beynəlxalq rəqabət qabiliyyətli layihələrin dəstəklənməsinin prioritet olduğunu vurğulayıb.
Mentorlar – DuPont şirkətinin nümayəndəsi Paşa Feyzullayev və Google Developer Groups Baku icmasının lideri Malik Məmmədli sənaye standartları, keyfiyyət idarəetməsi, komanda işi və texnoloji icmaların rolu barədə tövsiyələrini bölüşüblər.
Qeyd edək ki, 9 ay davam edəcək proqram çərçivəsində iştirakçılar bazar araşdırması, biznes modeli qurulması, MVP və prototip hazırlanması, eləcə də investor təqdimatlarına hazırlıq üzrə təlim və mentorluq dəstəyi alacaqlar. Proqram Qabaqcıl Materiallar, Enerji, Robototexnika və Avtomatlaşdırma, Həyat Elmləri, Tibbi Texnologiyalar (MedTech), İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT), Kosmos və Neft-Qaz kimi prioritet sahələri əhatə edir.
Proqrama 15 komanda seçilib. Komandalar ADNSU ilə yanaşı bir neçə yerli və beynəlxalq ali təhsil müəssisələrini təmsil edirlər.
Proqramın sonunda keçiriləcək Demo Day-də komandalar layihələrini investorlar və sahə ekspertləri qarşısında təqdim edəcəklər. Layihə elmi potensialın kommersiyalaşdırılmasına və universitet–sənaye əməkdaşlığının gücləndirilməsinə yönəlib.