×

Xəbərlər

Xəbərlər 27 Feb 2026
ADNSU-da tədqiqatçılar və tələbələr üçün “Psixi sağlamlıq üçün süni intellektə etibar edə bilərikmi?” mövzusunda seminar keçirilib

Fevralın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) baş tədqiqatçı Yusif İbrahimov tərəfindən “Psixi sağlamlıq üçün süni intellektə etibar edə bilərikmi?” mövzusunda elmi seminar təşkil olunub.

Seminarda kompüter elmləri, süni intellekt, verilənlər elmi və psixi sağlamlıq mövzularına maraq göstərən bakalavr və magistr tələbələri, tədqiqatçılar və mütəxəssislər iştirak ediblər.

ADNSU-nun Elmi tədqiqatların əlaqələndirilməsi və monitorinqi şöbəsinin müdiri Gülnarə Məmmədova seminar haqqında məlumat verdikdən sonra Yusif İbrahimov psixi sağlamlığın qiymətləndirilməsində süni intellekt texnologiyalarının müasir tətbiqləri, bu sahədə əldə olunan nailiyyətlər, eləcə də mövcud etik və elmi çağırışlar barədə ətraflı məlumat verib.

Təqdimat zamanı mətn əsaslı onlayn məlumatlar üzərindən psixi sağlamlıq göstəricilərinin təhlili, bilik qraflarına əsaslanan izah mexanizmləri və bu yanaşmaların elmi-praktik əhəmiyyəti izah olunub. İştirakçılara süni intellekt modellərinin nəticələrinin daha şəffaf, sabit və etibarlı hala gətirilməsi istiqamətində aktual nümunələr təqdim edilib. İnteraktiv formatda keçirilən seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Yusif İbrahimov UFAZ-ın məzunudur. O, 2022–2025-ci illərdə University of York-da doktorantura təhsili alaraq “Psixi sağlamlıq üçün izah edilə bilən süni intellekt yanaşmaları” mövzusunda dissertasiya müdafiə edib. Hazırda o, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin baş tədqiqatçısı kimi fəaliyyət göstərir.


Paylaş