×

Xəbərlər

Xəbərlər 27 Feb 2026
ADNSU-da “IDEALISE-1” İnkubasiya Proqramının rəsmi bağlanış mərasimi keçirilib

Fevral tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-nin (ADNSU) Startup və TTO Şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “IDEALISE-1” İnkubasiya Proqramının rəsmi bağlanış mərasimi keçirilib.

Tədbirin açılışında ADNSU-nun Startup və TTO Şöbəsinin rəhbəri Əhməd Əhmədzadə çıxış edərək proqramın əsas məqsədi, strukturu və icra mərhələləri barədə ətraflı məlumat verib. O, universitet mühitində startap ekosisteminin formalaşdırılmasının və sahibkarlıq düşüncə tərzinin inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Qeyd edək ki, “IDEALISE-1” İnkubasiya Proqramı çərçivəsində seçim mərhələsindən uğurla keçən 13 komanda 5 ay müddətində intensiv inkubasiya və mentorluq prosesinə cəlb olunub. Proqram müddətində iştirakçılar komanda quruculuğu, bazar araşdırması, rəqib analizi, maliyyə planlaşdırması, biznes modeli quruculuğu və effektiv təqdimat bacarıqları üzrə həm nəzəri biliklər, həm də praktiki təcrübə əldə ediblər. Ümumilikdə proqram çərçivəsində 10 təlim və mentor görüşü təşkil olunub.

İnkubasiya mərhələsinin sonunda komandalar öz ideyalarını inkişaf etdirərək minimal işlək məhsul (MVP) mərhələsinə çatdırıb, pitch deck hazırlayıb və layihələrini Demo Day çərçivəsində münsiflər heyəti qarşısında təqdim ediblər. Final mərhələsinə 8 komanda vəsiqə qazanıb. Əvvəlcə finalçılara sertifikatlar təqdim olunub, daha sonra münsiflər heyəti tərəfindən qiymətləndirmə aparılıb.

Münsiflərin yekun qərarına əsasən NexusMind, Aldering, ZeroCodeDB, AIRT və Green Ozon komandaları qalib elan olunub və hər biri 5 000 AZN məbləğində pul mükafatı ilə təltif edilib.

Xatırladaq ki, “IDEALISE-1” İnkubasiya Proqramı iştirakçılara innovativ ideyalarını sistemli şəkildə inkişaf etdirmək, investorlarla əlaqələr qurmaq və bazara çıxış imkanlarını genişləndirmək baxımından mühüm platforma rolunu oynayıb. Proqram çərçivəsində formalaşan əməkdaşlıq mühiti və əldə olunan nəticələr universitet daxilində startap ekosisteminin daha da güclənməsinə töhfə verərək gələcək təşəbbüslər üçün möhkəm zəmin yaradıb.


Paylaş