×

Xəbərlər

Xəbərlər 27 Feb 2026
UFAZ-da yer elmləri üzrə nailiyyətlər və gələcək strategiyalar müzakirə olunub

Fevralın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) "UFAZ: 10 il – Gələcək üçün 10 ideya" silsiləsi çərçivəsində "Yer elmləri cəmiyyətin xidmətində: Təhlükələr, resurslar və dayanıqlılıq" mövzusunda tədbir keçirilib. Tədbirdə UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov qonaqları salamlayaraq universitetin bu sahədəki strateji rolunu vurğulayıb. “Geofizika mühəndisliyi” proqramı üzrə koordinator Arzu Əliyeva "Təməldən təsirə: UFAZ-da yer elmləri tədqiqatlarının mərhələləri (2016-2026)" mövzusunda geniş təqdimatla çıxış edərək universitetin keçdiyi inkişaf yolunu iki əsas dövrə bölüb. 2016-2020-ci illər təməlin qoyulması mərhələsi kimi qiymətləndirilib, 2020-2025-ci illər isə sürətli inkişaf dövrü olaraq qeyd edilib. 

Bu müddət ərzində magistratura pilləsində tədrisin başladığı, tələbələrin Fransada 6 aylıq təcrübə keçmək imkanı əldə etdiyi və məzunların müxtəlif doktorantura proqramlarına qəbul olunduqları vurğulanıb. UFAZ-da tədqiqat fəaliyyətinin nəticəsi olaraq geofizika, geologiya və geokimya sahələrindəki elmi məqalələrin böyük əksəriyyətinin yüksək reytinqli Q1 və Q2 kateqoriyalı jurnallarda dərc olunduğu bildirilib. Bu uğurların həm Azərbaycan və Fransa hökumətlərinin təqaüd proqramları, həm də sənaye tərəfdaşlarının dəstəyi sayəsində mümkün 

olduğu diqqətə çatdırılıb. 

Növbəti hissədə UFAZ-ın yer elmləri üzrə baş koordinatoru Lukas Bofil, UFAZ məzunu və ADNSU-nun tədqiqatçı-müəllimi Zaur Bayramov və UFAZ məzunu, ADNSU-nun SABAH mərkəzinin Neft-qaz geologiyası proqramının rəhbəri Rəşad Abbasovun iştirakı ilə “Yer elmləri cəmiyyətin xidmətində: Sahə məlumatları, peyklər və rəqəmsal modellər” mövzusunda elmi məruzələr dinlənilib. Çıxışçılar yer elmlərinin cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq, müasir məlumat toplama üsullarının və rəqəmsal modelləşdirmənin tətbiqi sahəsindəki yeniliklər barədə ətraflı məlumat veriblər. 

Daha sonra “Neft və qaz mühəndisliyi” proqramı üzrə koordinator Fidan Aslanzadənin moderatorluğu ilə " Azərbaycanda yer elmləri: Enerji keçidi, iqlim riskləri və qlobal qeyri müəyyənliklərin idarə olunması" mövzusunda panel müzakirəsi keçirilib. Panel zamanı enerji keçidinin və iqlim siyasətinin növbəti 20 ildə Azərbaycanın təbii resurs strategiyasına təsiri, ölkənin üzləşə biləcəyi kritik geoloji və seysmoloji risklər və mövcud data boşluqlarının aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılıb. 

Tədbirin yekununda bu sahədə təhsil sektoru, hökumət və sənaye arasındakı strateji tərəfdaşlığın vacibliyi qeyd olunub.


Paylaş