Martın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyi şura üzvlərinə təqdim olunduqdan sonra təsdiq edilib.
ADNSU-nun rektoru, dosent Rüfət Əzizovun sədrliyi ilə keçirilən iclasda universitetdə tədris prosesinin nəticələri, elmi fəaliyyətin mövcud vəziyyəti, maliyyə-təsərrüfat göstəriciləri və qarşıda duran hədəflər ətraflı şəkildə müzakirə olunub, müvafiq qərarlar qəbul olunub. Gündəliyə uyğun olaraq ADNSU-nun tədris məsələləri üzrə prorektoru, dosent Rza Məmmədov 2025/2026-cı tədris ilinin payız semestri imtahan sessiyasının nəticələri barədə hesabatla çıxış edib. Çıxışda imtahan prosesinin təşkili, əldə olunan nəticələr, akademik göstəricilər və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görüləcək tədbirlər diqqətə çatdırılıb.
Növbəti məsələlər üzrə elm və innovasiya məsələləri üzrə prorektor, dosent Elviz İsmayılov universitetdə elmi jurnalların vəziyyəti və magistr hazırlığının mövcud vəziyyəti barədə ətraflı məlumat verib, bu istiqamətlərdə keyfiyyətin artırılması və səmərəliliyin yüksəldilməsi ilə bağlı görülən işlərdən bəhs edib.
Gündəlikdə yer alan digər məsələ ilə bağlı universitetin Maliyyə və Təminat Departamentinin direktor müavini, baş mühasib Mehman Əliyev 2025-ci il üzrə universitetin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair hesabat təqdim edib. Hesabatda maliyyə göstəriciləri, resurslardan səmərəli istifadə və qarşıdakı dövr üçün planlaşdırılan tədbirlər barədə ətraflı məlumat verilib.
Tələbə Elmi Cəmiyyətinin sədri Məhəmməd Sultanlı cəmiyyətin illik hesabatı ilə çıxış edərək il ərzində həyata keçirilən elmi tədbirlər, tələbələrin konfrans və müsabiqələrdə iştirakı, elmi təşəbbüslərin dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verib.
“Müxtəlif məsələlər” bölməsi çərçivəsində rektorun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova tələbələrin hüquq, vəzifə və davranış qaydaları barədə məlumat verib, bu istiqamətdə mövcud vəziyyət və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında danışıb.
Elmi Şuranın iclasında ADNSU-nun Kitabxana informasiya mərkəzinin müdiri Səlahət Mahmudova kitabxananın əsasnaməsinin təsdiqlənməsi ilə bağlı məsələni təqdim edib və sənəddə nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Beləliklə, gündəlikdəki bütün məsələlər Elmi Şura üzvləri tərəfindən geniş müzakirə olunaraq müvafiq qərarlarla təsdiqlənib.
İclasın sonunda rektor Rüfət Əzizov müzakirə olunan məsələlərlə bağlı təklif və iradlarını bildirib, qəbul edilən qərarların icrası ilə əlaqədar aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verib.