×

Xəbərlər

Xəbərlər 02 Mar 2026
“SPE ASOİU”-nun 25 üzvü Mingəçevir Su Elektrik Stansiyasında ekskursiyada olublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Məzunlarla İş və Karyera Mərkəzinin təşkilatçılığı ilə “Society of Petroleum Engineers” (SPE) (Neft Mühəndisləri Cəmiyyəti) beynəlxalq tələbə təşkilatının bir qolu olan “SPE ASOİU”-nun 25 üzvü regionun ən böyük və strateji əhəmiyyətli enerji obyektlərindən biri olan Mingəçevir Su Elektrik Stansiyasında (SES) akademik sahə səfəri həyata keçirib.

Ekskursiya çərçivəsində iştirakçılar turbinlərin iş prinsipi, elektrik enerjisinin istehsalı mərhələləri, enerji sisteminin şəbəkəyə inteqrasiyası və hidroenerjinin dayanıqlı inkişafda rolu barədə ətraflı məlumat əldə ediblər. Stansiyanın mütəxəssisləri tərəfindən istehsalat prosesi, texniki təhlükəsizlik qaydaları və müəssisənin ölkənin enerji təhlükəsizliyində rolu ilə bağlı təqdimat keçirilib.

Səfər zamanı ADNSU-nun Məzunlarla İş və Karyera Mərkəzinin rəhbəri Şamil Əhmədov və Stansiyanın Texniki şöbəsinin rəisi Əli İbrahimli görüşüb. Görüş çərçivəsində hidroenerji sektorunda karyera imkanları, müasir texnologiyaların tətbiqi və gənc mütəxəssislər üçün peşəkar inkişaf perspektivləri müzakirə olunub. Əli İbrahimli çıxışı zamanı stansiyaya səfər edən tələbələrin hidroenergetika sahəsi üzrə nəzəri bilik səviyyəsini yüksək qiymətləndirib.

Qeyd edək ki, səfərin əsas məqsədi tələbə və gənc mütəxəssislərin iri miqyaslı hidroenerji istehsalı prosesini yerində müşahidə etməsi, real sənaye enerji sistemləri ilə yaxından tanış olması və nəzəri biliklərini praktik təcrübə ilə möhkəmləndirməsi olub.

Bu kimi akademik–sənaye əməkdaşlıqlar tələbələrin peşəkar kadr kimi formalaşmasında, əmək bazarına inteqrasiyasında və real iş mühiti ilə tanışlığında mühüm rol oynayır və mərkəz tərəfindən gələcəkdə də tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına yönəlmiş sənaye səfərləri və əməkdaşlıq təşəbbüsləri davam etdiriləcək.


Paylaş