Institution of Mechanical Engineers (IMechE) Mexanika Mühəndisləri İnstitutunun Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Tələbə Cəmiyyətinin təşəbbüsü ilə Qazaxıstana akademik səfər həyata keçirib.
Səfərin əsas məqsədi beynəlxalq əməkdaşlığın genişləndirilməsi, peşəkar mühəndislik standartlarının təşviqi və gənc mühəndislərin qlobal mühəndislik mühitinə inteqrasiyasının dəstəklənməsi olub.
Akademik nümayəndə heyətini Neft-mexanika fakültəsinin doktorantı Mehdi Mehdizadə və Mexanika mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbəsi Rafiq Babazadə təmsil edib.
Səfər çərçivəsində Qazaxıstanın aparıcı ali təhsil müəssisələrində görüşlər keçirilib. Proqrama aşağıdakı universitetlər daxil olub:
* Nazarbayev Universiteti
* Qazaxıstan Milli Aqrar Tədqiqat Universiteti
* Satbayev Universiteti
* Qazaxıstan-Britaniya Texniki Universiteti
* Nazarbayev Universiteti– beynəlxalq akkreditasiya standartları, Sertifikatlaşdırılmış Mühəndis (CEng) və Qeydiyyatdan Keçmiş Mühəndis (IEng) peşəkar statuslarına aparan mərhələli inkişaf yolu barədə ətraflı təqdimat keçirilib. Tələbə cəmiyyətlərinin liderlik bacarıqlarının formalaşdırılmasındakı rolu vurğulanıb, həmçinin innovasiya yönümlü mühəndislik platforması olan “Mechaton” ilə tanışlıq baş tutub və fənlərarası komanda işinin praktik nümunələri müzakirə olunub.
* Qazaxıstan Milli Aqrar Tədqiqat Universiteti– Burada IMechE üzvlüyünün üstünlükləri, qlobal mühəndislik şəbəkələrinə çıxış imkanları və strukturlaşdırılmış peşəkar inkişaf mexanizmləri təqdim edilib. Sertifikatlaşdırma prosesinin mərhələləri izah olunub, mühəndislik təhsili ilə sənaye əməkdaşlığının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
* Satbayev Universiteti – IMechE ADNSU Tələbə Cəmiyyətinin təşkilati strukturu, liderlik modeli, həyata keçirilən texniki layihələr və tələbə fəallığının artırılmasına yönəlmiş strategiyalar təqdim olunub. Tələbə təşkilatları arasında potensial əməkdaşlıq imkanları müzakirə edilib.
* Qazaxıstan-Britaniya Texniki Universiteti – Qlobal mobillik imkanları, beynəlxalq şəbəkələşmə perspektivləri və peşəkar mühəndis statuslarının uzunmüddətli karyera üstünlükləri diqqətə çatdırılıb. Universitet nümayəndələri ilə gələcək birgə təşəbbüslər və akademik əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.
Bu akademik səfər yalnız təqdimat xarakteri daşımayıb, eyni zamanda bilik və təcrübə mübadiləsi, institusional dialoqun möhkəmləndirilməsi və regional mühəndislik tərəfdaşlığının inkişafı üçün mühüm platforma rolunu oynayıb. Keçirilən görüşlər gələcək birgə layihələr və davamlı əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.
IMechE Azərbaycan beynəlxalq təşəbbüslərlə qlobal mühəndislik standartlarının təşviqinə və gənc mühəndislərin peşəkar inkişafına töhfə verməyə davam edir.