Martın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Startup və texnologiyaların transferi ofisi şöbəsinin təşkilatçılığı ilə keçirilən “SkillCamp” proqramının yekun mərhələsi çərçivəsində mükafatlandırma mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun Startup və TTO şöbəsinin müdiri Əhməd Əhmədzadə proqramın məqsədi və əhəmiyyətindən danışıb. O qeyd edib ki, “SkillCamp” tələbələrin innovativ düşüncə tərzinin inkişafı, texnoloji biliklərinin praktik tətbiqi və komanda işi bacarıqlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin bildirilib ki, proqram çərçivəsində hazırlanmış layihələr gələcək startap təşəbbüsləri üçün real zəmin yaradır və universitetdə innovasiya mühitinin güclənməsinə xidmət edir.
Mükafatlandırma mərasimində bir neçə komanda nümayəndəsi çıxış edərək öz layihələri haqqında məlumat verib, proqram müddətində qazandıqları təcrübəni və əldə etdikləri nəticələri iştirakçılarla bölüşüblər.
Sonda proqramı uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib.
Qeyd edək ki, iki həftə davam edən proqram müddətində iştirakçılar süni intellekt və maşın öyrənməsi, veb proqramlaşdırma, oyun inkişafı, robototexnika və IoT istiqamətləri üzrə çalışaraq ümumilikdə 28 funksional layihə hazırlayıblar. Layihələr proqramın sonunda “Demo Day” formatında təqdim olunaraq mentorlar tərəfindən texniki səviyyə, innovativ yanaşma və komanda işi meyarları əsasında qiymətləndirilib.