Martın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya və Azərbaycan Dövlət Neft və Sənaye Universitetin (ADNSU) Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin professoru Fuad Ələsgərov “Müasir elmi tədqiqatlarda süni intellekt və data əsaslı analiz metodları” mövzusunda seminar keçib.
ADNSU-da keçirilən seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fərhad Rəhmanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya nümayəndələri Elçin Süleymanov, Əli Mahmudov və Vüsal İsayev iştirak ediblər.
Eyni zamanda yerli universitet və qurumlardan – Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Universiteti, Bakı Biznes Universiteti, Bakı Slavyan Universiteti, Elektron Təhsil Tələbə Krediti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Aqrar Tədqiqatlar Mərkəzinin nümayəndələri də seminara qatılıblar.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elviz İsmayılov qonaqları salamlayaraq seminarın əhəmiyyətindən danışıb.
Daha sonra professor Fuad Ələsgərov mövzu üzrə məruzə ilə çıxış edib. O, çıxışında müasir elmi tədqiqatlarda süni intellektin tətbiqi imkanları, böyük verilənlərin analizi, alqoritmik modelləşdirmə üsulları və bu texnologiyaların elmi araşdırmaların keyfiyyətinin artırılmasında rolundan bəhs edib. Professor həmçinin süni intellekt əsaslı metodların akademik tədqiqatlarda istifadə perspektivləri, rəqəmsal transformasiya prosesləri və data analitikasının inkişaf istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verib. Mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, texnika elmləri doktoru, professor Fuad Ələsgərov Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin Ali riyaziyyat kafedrasının müdiridir. O, 1951-ci il yanvarın 23-də Bakıda anadan olub. 1974-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1975-ci ildə Rusiya Elmlər Akademiyasının A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutunda başlayan F. Ələsgərov burada təcrübəçi, aspirant, kiçik və böyük elmi işçi, sektor müdiri, həmçinin “Həllərin seçimi və analizi” laboratoriyasının müdiri vəzifələrində çalışıb.
O, 1981-ci ildə həmin institutda “Sosial və iqtisadi sistemlərdə idarəetmə” ixtisası üzrə “İnterval seçim” mövzusunda namizədlik, 1993-cü ildə isə “Lokal aqreqatlaşdırma modelləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Fuad Ələsgərov müxtəlif illərdə ABŞ və Avropanın aparıcı ali təhsil müəssisələrində dəvətli professor kimi fəaliyyət göstərib. O cümlədən, Kaliforniya Texnologiya Universiteti, Bosfor Universiteti, “Paris I” Universiteti, Turku Universiteti, Beynəlxalq İqtisadi Tədqiqatlar Mərkəzində dəvətli professor işləyib. Professor Fuad Ələsgərov 2003-cü ildən etibarən “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin İqtisadiyyat fakültəsinin Ali riyaziyyat kafedrasına rəhbərlik edir.