Martın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Ulu öndər Heydər Əliyev və dövlət qadın siyasətinin inkişaf yolu” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən universitetin rektoru, dosent Rüfət Əzizov Azərbaycan qadınının cəmiyyətin bütün sahələrində artan rolundan danışıb, qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb. Bu siyasətin əsaslarının Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə sistemli şəkildə formalaşdırıldığını deyən rektor, dosent Rüfət Əzizov bütün sahələrdə həmçinin universitetdə rəhbərlik və akademik sahələr də daxil olmaqla qadınların təmsilçiliyinin daha da artırılması üçün sistemli və davamlı addımların atılmasının vacib olduğunu deyib.
Sonra Millət vəkili Məlahət İbrahimqızı çıxış edərək Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf startegiyasında qadınların artan rolundan və bu gün bu təməl üzərində davam edən Azərbaycan qadınının ictimai-siyasi həyatda fəallığından bəhs edib, dövlət səviyyəsində qadınların inkişafına göstərilən diqqəti yüksək qiymətləndirib.
Tədbir çərçivəsində Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət qadın siyasətinin inkişaf tarixini əks etdirən sənədli film nümayiş olunub.
Daha sonra ADNSU nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin direktoru Sənan Hüseynov çıxış edərək mövzunun əhəmiyyətindən danışıb, gənc nəslin dövlətçilik dəyərləri və milli ideologiya ruhunda formalaşmasının vacibliyini qeyd edib.