Martın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Startup və Texnologiya Transfer Ofisinin (TTO) dəstəyi ilə “Süni İntellektin Proqram Təminatı Keyfiyyətində Rolu (AI in QA)” mövzusunda seminar keçirilib.
Seminar çərçivəsində iştirakçılara proqram təminatının sınaqdan keçirilməsi (QA) sahəsində süni intellekt texnologiyalarının tətbiqi, ənənəvi test metodlarından AI əsaslı avtomatlaşdırılmış test sistemlərinə keçid prosesi və bu sahədə mövcud olan müasir yanaşmalar haqqında ətraflı məlumat verilib. Eyni zamanda proqram təminatının keyfiyyətinin artırılması üçün istifadə olunan alətlər, avtomatlaşdırma prosesləri və süni intellektin test ssenarilərinin optimallaşdırılmasında rolu barədə təqdimatlar edilib.
Tədbirdə proqram təminatı testinin müasir yanaşmaları, süni intellekt alətlərinin proqramlaşdırma və test proseslərində tətbiqi, eləcə də texnologiya sahəsində mövcud trendlər barədə çıxışlar olub.
Seminar zamanı tələbələr üçün interaktiv müzakirələr təşkil olunub, iştirakçılar spikerlərə onları maraqlandıran suallar ünvanlayaraq sahə üzrə praktiki biliklər əldə ediblər.
Qeyd edək ki, seminar tələbələrin informasiya texnologiyaları sahəsində biliklərinin artırılması, müasir texnologiyaların tətbiqi imkanlarının təqdim edilməsi və İT sektorunda aktual istiqamətlər barədə məlumatlandırılması məqsədi ilə təşkil olunub. Bu kimi tədbirlərin keçirilməsi universitetdə innovasiya və texnologiya sahəsində bilik və bacarıqların inkişafına, tələbələrin İT sektorunun müasir tələblərinə uyğun hazırlanmasına dəstək göstərir.