Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzi Dövlət İmtahan Mərkəzi (DİM) ilə əməkdaşlıq çərçivəsində abituriyentlərə elektron ərizə, qəbul və ixtisas seçimi prosesində məsləhət xidməti göstərir.
2026-cı il fevralın 18-dən martın 5-dək olan müddətdə universitetin Abituriyent Məsləhət Mərkəzinə ümumilikdə 157 nəfər abituriyent və valideyn müraciət edib.
Mərkəzdə müraciət edənlərə ixtisaslar, əvvəlki illərin keçid balları, təhsil haqları, eləcə də sosial imkanlar barədə geniş məlumat təqdim olunub. Bununla yanaşı, qəbul prosesi ilə bağlı abituriyent və valideynləri maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Bundan əlavə, elektron ərizə sistemindən istifadə zamanı abituriyentlərə zəruri texniki dəstək göstərilib, müraciətlərin düzgün və operativ şəkildə həyata keçirilməsinə kömək edilib. Müraciət prosesi zamanı yaranan suallar da mərkəzin əməkdaşları tərəfindən operativ şəkildə cavablandırılıb.