Martın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “IDEALISE 2” İnkubasiya Proqramı çərçivəsində təlim sessiyalarına başlanılıb. Təlim Odlar Yurdu Universitetinin Startap və İnkubasiya Mərkəzinin rəhbəri Rəvanə Göyüşlü tərəfindən aparılıb.
“Lean Startup və İdeyanın Validasiyası” mövzusunda keçirilən sessiya zamanı təlimçi iştirakçılara startap anlayışı, sahibkar düşüncə tərzi və startaplarla ənənəvi korporativ biznes modelləri arasındakı əsas fərqlər barədə ətraflı məlumat verib. Təlim çərçivəsində ideyanın seçilməsi və formalaşdırılması mərhələləri, ideya mənbələri – bazar boşluqları, yeni trendlər və mövcud məhsulların modifikasiyası kimi yanaşmalar müzakirə olunub.
Sessiya zamanı həmçinin SCAMPER yaradıcı düşünmə metodu, problem–həll uyğunluğu, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi prosesi və minimum işlək məhsul (MVP) konsepti barədə ətraflı məlumat verilib. Startap ideyalarının ilkin mərhələdə bazar ehtiyacına uyğunluğunun yoxlanmasının və istifadəçi problemlərinin düzgün müəyyən edilməsinin əhəmiyyəti vurğulanıb.
İnteraktiv formatda keçirilən müzakirələr, praktiki nümunələr və iştirakçıların ideyaları üzərində aparılan analizlərlə davam edib. İştirakçılar təqdim olunan metod və alətlər vasitəsilə öz ilkin biznes ideyalarını formalaşdırmaq və onları real bazar ehtiyacları ilə uyğunlaşdırmaq imkanı əldə ediblər.
Qeyd edək ki, sessiyanın əsas məqsədi tələbələrdə startap düşüncə tərzini formalaşdırmaq, ideyaların düzgün seçilməsi və ilkin mərhələdə yoxlanılması (validasiya) prosesinə dair praktiki bilik və bacarıqlar qazandırmaq olub. IDEALISE 2 İnkubasiya Proqramı ADNSU-nun Startup və Texnologiya Transferi Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir və proqram çərçivəsində tələbələrin innovativ ideyalarının inkişaf etdirilməsi, onların bazar yönümlü məhsullara çevrilməsi və startap ekosisteminə inteqrasiyası hədəflənir.