Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Məzunlarla İş və Karyera Mərkəzinin təşkilatçılığı ilə ADNSU və UFAZ tələbələri üçün idarəetmə məsləhətçiliyi sahəsinə həsr olunmuş “Məsələ həlli üzrə kouçinq” təlimi keçirilib. Tədbirdə “McKinsey & Company” şirkətinin region üzrə istedadların cəlb edilməsi rəhbəri Timur Mader iştirak edərək, tələbələrə bu sahədəki karyera imkanları, işə qəbul prosesi və xüsusilə biznes tapşırıqlarına əsaslanan müsahibələrə hazırlıq barədə ətraflı məlumat verib. Sessiya çərçivəsində gənclər real biznes nümunələri üzərində işləyərək analitik düşünmə, problem həll etmə və strukturlaşdırılmış yanaşma bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar. Eyni zamanda, şirkətin əməkdaşları Anar Abbasov, İsmayıl Hüseynov və Cəmil Quliyev də öz təcrübələrini bölüşərək müsahibələrdə namizədlərdən gözlənilən əsas meyarlar və uğurlu hazırlıq üçün praktiki tövsiyələrini çatdırıblar. İnteraktiv müzakirələr və peşəkar əlaqələrin qurulması ilə yadda qalan təlimdə həm UFAZ, həm də ADNSU tələbələri fəal iştirak ediblər.