Martın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ADNSU-nun Dayanıqlı İnkişaf Mərkəzində müxtəlif universitetlərdə təhsil alan qız tələbələr üçün “Öz gücünü kəşf et” adlı təlim keçirilib.
Təlimin məqsədi gənc qızların şəxsi inkişafına dəstək olmaq, onların öz potensiallarını kəşf etmələrinə, liderlik bacarıqlarını inkişaf etdirmələrinə və gələcək karyera planlamasında daha inamlı addımlar atmalarına kömək etmək olub.
Təlim Azər Leqal Şirkətlər Qrupunun rəhbəri Günel Əliyeva tərəfindən keçirilib. Təlim zamanı iştirakçılar motivasiya, şəxsi potensialın üzə çıxarılması, özünəinamın formalaşdırılması və karyera inkişafı mövzularında məlumat əldə edib, interaktiv müzakirələrdə iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Səbinə Talışinskaya mövzunun əhəmiyyətindən bəhs edərək iştirakçılara uğurlar arzulayıb.
Tədbirin təşkilində Təhsilin İnkişafı Fondunun Maliyyə və investisiya şöbəsinin baş mütəxəssisi Ofelya Salmanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Aytəkin Quliyeva və aparıcı məsləhətçisi Xumar İlqarqızı təşkilatçı qismində iştirak ediblər.
Təlimdə müxtəlif universitetlərdən qız tələbələr iştirak edib, onların şəxsi inkişafı və gələcək karyera imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.