Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “FutureFem 2.0 – Qadınların Sahibkarlıq və İnnovasiya Potensialının Gücləndirilməsi” layihəsinin açılış mərasimi keçirilib. Layihə ölkənin lider mobil operatoru Azercellin dəstəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan bəhs edib. O, çıxışında son illərdə həyata keçirilən STEAM və digər innovativ təhsil təşəbbüsləri nəticəsində qızların məktəbli yaşlarından etibarən elm, texnologiya və innovasiya sahələrinə cəlb olunmasının əhəmiyyətini vurğulayıb. Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elm və innovasiyalar üzrə prorektoru, dosent Elviz İsmayılov çıxış edərək Azərbaycan qadınlarının elm və innovasiya sahəsində əldə etdiyi nailiyyətlərə toxunub, gənc qadınların bu istiqamətdə təşəbbüslərinin dəstəklənməsinin vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Nemət Rzayev təşkilatın gənclərlə iş və könüllülük sahəsində əldə etdiyi təcrübədən bəhs edib. O, son illər ərzində həyata keçirilən layihələr nəticəsində təşkilatın müxtəlif istiqamətlərdə formalaşan müsbət imicini qeyd edib və layihənin reallaşmasına göstərilən dəstəyə görə tərəfdaşlara təşəkkürünü bildirib. Görüşün davamında layihə rəhbəri Rufiz Qulizadə “FutureFem 2.0” layihəsi haqqında təqdimatla çıxış edərək proqramın məqsədləri, mərhələləri və iştirakçılar üçün nəzərdə tutulmuş inkişaf imkanları barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, “FutureFem 2.0” layihəsi mart–may ayları ərzində həyata keçiriləcək üç aylıq inkişaf proqramıdır və 100 tələbə qadını əhatə edir. Layihə çərçivəsində iştirakçılar sahibkarlıq, innovasiya və liderlik istiqamətlərində təlimlərə cəlb olunacaq, mentorluq proqramlarında iştirak edəcək və proqramın sonunda keçiriləcək FutureFem Challenge mərhələsində öz innovativ ideyalarını ekspertlər qarşısında təqdim edəcəklər. Görüşdə layihə iştirakçıları ilə yanaşı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşları, Azercell şirkətinin nümayəndələri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbərliyi və professor-müəllim heyəti, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Layihənin əsas məqsədi gənc qadınların sahibkarlıq və innovasiya potensialını inkişaf etdirmək, onların liderlik bacarıqlarını gücləndirmək və gələcək təşəbbüslər üçün dayanıqlı inkişaf platforması formalaşdırmaqdır