×

Xəbərlər

Xəbərlər 10 Mar 2026
ADNSU-da informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mövzusunda seminar keçirilib

Martın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azərbaycan İnnovasiya Mərkəzində informasiya təhlükəsizliyinə həsr olunmuş seminar keçirilib. Tədbir tələbələrin və gənc mütəxəssislərin kibertəhlükəsizlik sahəsində biliklərinin artırılması, həmçinin bu sahədə müasir yanaşmalar barədə məlumatlandırılması məqsədilə təşkil olunub.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşəbbüsü ilə keçirilən seminarda assosiasiyanın eksperti Sinan Əliyev “İnformasiya təhlükəsizliyinin idarə olunması və ən yaxşı təcrübələr” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı informasiya təhlükəsizliyinin idarə olunması prinsipləri, GRC (Governance, Risk and Compliance) yanaşmasının təşkilatlarda tətbiqi, risklərin qiymətləndirilməsi və idarə olunması mexanizmləri barədə geniş məlumat verilib.

Eyni zamanda informasiya təhlükəsizliyinin təmin edilməsində beynəlxalq standartların rolu, təhlükəsizlik siyasətlərinin hazırlanması və təşkilat daxilində təhlükəsizlik mədəniyyətinin formalaşdırılması kimi məsələlərə də toxunulub.

Seminar çərçivəsində iştirakçılar informasiya təhlükəsizliyi sahəsində mövcud çağırışlar, müasir texnologiyaların yaratdığı risklər və bu risklərin idarə olunması yolları barədə məlumat əldə ediblər. Tədbir zamanı tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu kimi maarifləndirici tədbirlər tələbələrin informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının inkişafına, həmçinin onların müasir texnoloji çağırışlara hazırlanmasına xidmət edir.


Paylaş