Martın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR-ın Strateji idarəetmə və innovasiyalar departamentinin rəisi Teymur Əliyevin rəhbərlik etdiyi nümayəndə ilə ADNSU-nun rektoru, dosent Rüfət Əzizovun görüşü keçirilib.
Görüşdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, mövcud reallıqlar və perspektiv imkanlar müzakirə olunub.
Qonaqları salamlayan rektor Rüfət Əzizov universitetin tədris və təhsil imkanları, beynəlxalq əlaqələri, eləcə də reytinqlərdə əldə olunan uğurlar barədə məlumat verib. O bildirib ki, hazırda ADNSU tədqiqat istiqamətində yeni layihələr həyata keçirir. Universitet alimlərinin elmi məqalələri dünyanın nüfuzlu metrik bazalarında dərc olunur ki, bu da ADNSU-nun tədqiqat universitetinə çevrilməsi istiqamətində imkanlarını daha da genişləndirir.
Teymur Əliyev səmimi qarşılanmaya və görüşə görə təşəkkür edərək universitetlə əməkdaşlığın onlar üçün də prioritet olduğunu vurğulayıb. Bildirilib ki, SOCAR həm yerli, həm də xarici təhsil müəssisələri ilə əməkdaşlıq edir. ADNSU ilə də əsasən innovasiya və süni intellekt sahəsində əməkdaşlığın perspektivli olduğu diqqətə çatdırılıb. Eyni zamanda tədqiqat istiqamətində əməkdaşlıq imkanları da nəzərdən keçirilib.
Görüşdə ADNSU-da fəaliyyət göstərən İnnovasiya Mərkəzinin fəaliyyət istiqamətləri və startap layihələri barədə qonaqlara məlumat verilib. Startap ideyalarının birgə inkişaf etdirilməsi və biznes layihələrinə çevrilməsi imkanları müzakirə olunub. Görüşün nəticəsi olaraq hər iki tərəf gələcəkdə birgə icra ediləcək layihələr və görüləcək işlərlə bağlı razılığa gəliblər.
Qonaqlar ADNSU-nun laboratoriyalarında, o cümlədən Rəqəmsal Energetika laboratoriyasında və Mineralogiya muzeyində olublar. Eləcə də kompüter otaqları və digər laboratoriyalara baş çəkən qonaqlar universitetin maddi-texniki imkanları ilə yaxındantanış olublar.