Azərbaycan Dövlət Neft və Sənaye Universitetidə (ADNSU) Deep Tech Ekosistemi və Startap Strategiyası mövzusunda təlim keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Startup və Texnologiyaların Transferi Ofisi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən Deep Tech inkubasiya proqramı çərçivəsində ilk təlim keçirilib.
Təlimin spikeri Eldəniz Babayev olub. O, Tiny Worlds şirkətinin təsisçisi və baş icraçı direktoru, həmçinin Robotics x AI Labın qurucusudur. Təlim zamanı spiker Deep Tech sahəsində qlobal trendlər və texnologiya yönümlü startapların inkişaf strategiyaları barədə iştirakçılarla öz təcrübəsini bölüşüb.
Təlim çərçivəsində “Deep Tech Ekosistemi və Startap Strategiyası” mövzusu ətrafında geniş müzakirələr aparılıb. İştirakçılara Deep Tech və klassik startaplar arasındakı əsas fərqlər, qlobal innovasiya ekosisteminin strukturu, akademik mühitdən bazara keçid modeli, eləcə də Deep Tech layihələrində risk strukturu və bu risklərin idarə olunması barədə ətraflı məlumat verilib.
Tədbir zamanı iştirakçılar spikerə suallar ünvanlayaraq Deep Tech sahəsində startapların inkişafı və texnologiya əsaslı ideyaların kommersiyalaşdırılması ilə bağlı praktiki məsləhətlər əldə ediblər.