×

Xəbərlər

Xəbərlər 13 Mar 2026
İstehsalatda risk anlayışı, risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi metodları tədris zamanı tələbələrə öyrədilir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin məzunu, hazırda SOCAR-ın “28 May” NQÇİ-də Sətəm və KN departamentinin rəisi vəzifəsində çalışan Elşən Rəşidov tərəfindən “İstehsalat prosesində risklərin qiymətləndirilməsinin əhəmiyyəti və vacibliyi” mövzusunda seminar keçirilib.

ADNSU-nun Məzunlarla İş və Karyera Mərkəzinin təşəbbüsü ilə təşkil olunan seminarda mühəndislik ixtisasları üzrə təhsil alan bakalavr və magistr tələbələri, həmçinin sənaye təhlükəsizliyi və SƏTƏM sahəsinə maraq göstərən gənclər iştirak ediblər.

Seminar çərçivəsində istehsalat mühitində risk anlayışı, risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi metodları, qabaqlayıcı tədbirlərin tətbiqi, sənaye təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması kimi mövzular ətrafında geniş müzakirələr aparılıb. Elşən Rəşidov real istehsalat təcrübəsinə əsaslanaraq risklərin idarə olunması sahəsində praktiki yanaşmalar barədə tələbələrə ətraflı məlumat verib.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, risklərin düzgün qiymətləndirilməsinin istehsalat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı vurğulanıb. Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.


Paylaş