Martın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) süni intellektin qaz hasilatı quyularında tətbiqinə dair seminar keçirilib. Seminar BP Exploration (Caspian Sea) LTD-də əməliyyat sahəsinin meneceri Vüqar Fətəliyev tərəfindən keçirilib. ADNSU-nun Məzunlarla İş və Karyera Mərkəzinin təşəbbüsü ilə təşkil olunan “Süni intellekt modellərinin qaz hasilatı quyularının “özünü optimallaşdırma” texnologiyalarına tətbiqi məsələləri” mövzusunda seminarda qaz hasilatı prosesində lay-quyu-yerüstü sistemlərində baş verən faza çevrilmələrinin fiziki-termodinamik xüsusiyyətləri və bunun yaratdığı texnoloji çətinliklər barədə məlumat verilib.
Seminarda həmçinin maşın öyrənməsi modelləri vasitəsilə qaz hasilatı quyularında istismar problemlərinin erkən mərhələdə aşkarlanması, xəbərdarlıq sistemlərinin qurulması, eləcə də məhdud məlumat şəraitində quyu təzyiqi və hasilat dinamikasının intellektual sistemlər vasitəsilə təhlili imkanlarından bəhs olunub.
Tədbirdə süni intellekt əsaslı texnologiyalar vasitəsilə qaz quyularının iş rejimlərinin optimallaşdırılması və hasilat səmərəliliyinin artırılması məsələləri də müzakirə edilib.