Ramazan bayramı münasibətilə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunlarının ailə üzvləri və yaxınları üçün iftar süfrəsi təşkil olunub.
ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən iftar mərasimində şəhid ailələri ilə yanaşı, universitetin rektoru, dosent Rüfət Əzizov, prorektorlar, struktur bölmə rəhbərləri və əməkdaşlar iştirak ediblər.
İftar mərasimində rektor Rüfət Əzizov şəhid ailələri ilə səmimi söhbət edib. O bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın şücaəti nəticəsində Azərbaycan torpaqları işğaldan azad olunub, bu gün suveren dövlətimizin hər bir yerində Azərbaycan bayrağı dalğalanır, oruc tutulur, dualar oxunur. Rektor şəhidlərin xatirəsinə göstərilən böyük ehtiramdan danışaraq onların ailə üzvlərinə dərin hörmət və diqqətin hər zaman davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, ADNSU-nun 23 məzun şəhidi var və onların ailələri universitet üçün ən doğma insanlardandır. Şəhid valideynləri də öz növbəsində göstərilən diqqətə görə təşəkkür edərək övladlarının təhsil aldıqları ADNSU-nu və onun kollektivini özlərinə doğma hesab etdiklərini bildiriblər.