×

Xəbərlər

Xəbərlər 17 Mar 2026
Strasburq Universitetinin prezidenti ADNSU və UFAZ-da yaradılan tədris və elmi-tədqiqat mühitini yüksək qiymətləndirib

Martın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransanın Strasburq Universitetinin prezidenti Frédérique Berrod ilə görüş keçirilib.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, o cümlədən universitetin prorektorları və struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) ikili diplom proqramının icrası ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Görüş zamanı UFAZ-ın transmilli təhsil sahəsində unikal model olduğu vurğulanıb. Eyni zamanda, UFAZ məzunlarının əldə etdikləri uğurlar, onların karyera inkişafı, eləcə də hazırda həm ADNSU-da, həm də UFAZ-da pedaqoji və elmi-tədqiqat fəaliyyətinə cəlb olunmaları barədə məlumat verilib.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxışı zamanı universitetin əsas fəaliyyət istiqamətləri barədə ətraflı təqdimatla çıxış edib. Qeyd olunub ki, 10 il əvvəl təsis edilən UFAZ fəaliyyətini əsaslı şəkildə genişləndirərək uğurla fəaliyyət göstərir, burada bakalavr və magistratura təhsil pillələri üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanır.

Strasburq Universitetinin prezidenti Frédérique Berrod rəhbərlik etdiyi ali təhsil müəssisəsinin bir sıra universitetlərlə geniş əməkdaşlıq əlaqələrinə malik olduğunu bildirib. O, UFAZ-ın beynəlxalq əməkdaşlıq çərçivəsində ən uğurlu layihələrdən biri olduğunu vurğulayıb və gələcəkdə iki ölkə arasında birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsinə xüsusi önəm veriləcəyini qeyd edib.

ADNSU-ya ilk dəfə səfər edən qonaq görüşdən sonra universitetin Tarix və Mineralogiya muzeyləri, eləcə də ADNSU və UFAZ-ın tədris binaları ilə tanış olub. O, tədris və elmi-tədqiqat mühitini, laboratoriyalarda yaradılan şəraiti və aparılan elmi-tədqiqat işlərini yüksək qiymətləndirib.


Paylaş