×

Xəbərlər

Xəbərlər 17 Mar 2026
ADNSU tələbəsinin məqaləsi yüksək impakt faktorlu Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) BA proqramları üzrə Kompüter mühəndisliyi ixtisasının 2-ci kurs tələbəsi Nizami Rzayevin elmi məqaləsi yüksək impakt faktorlu Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc olunub.

Tələbənin “Mürəkkəb kimyəvi tənliklərin xətti əvəzetmə alqoritmi ilə səmərəli şəkildə balanslaşdırılması” adlı məqaləsi “MATCH Communications in Mathematical and Computational Chemistry” jurnalında yayımlanıb. Qeyd edək ki, bu jurnal riyaziyyat, kimyəvi informatika və alqoritmik kimya sahələrində aparıcı elmi platformalardan biri olmaqla SCOPUS bazasında Q1 kvartil göstəricisinə malikdir.

Tədqiqatın əsas məqsədi ənənəvi üsullarla balanslaşdırılması çətin və vaxt aparan mürəkkəb kimyəvi tənliklərin EFN (Efficiency-Focused Normalization) alqoritmi vasitəsilə daha sürətli və stabil şəkildə həll olunmasını təmin etməkdir. Təklif olunan yanaşma hesablamaların optimallaşdırılması və nəticələrin dəqiqliyinin artırılması baxımından mühüm elmi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Nizami Rzayev yalnız kimyəvi sistemlərin alqoritmik həlli istiqamətində deyil, eyni zamanda kosmologiya sahəsində də elmi araşdırmalar aparır. Onun uzunmüddətli hədəfi akademik dürüstlük, elmi innovasiya və texnoloji səmərəliliyi birləşdirən qlobal elm-texnologiya şirkəti yaratmaqdır. Hazırda bu istiqamətdə fəaliyyətini “Idealise-2” İnkubasiya Proqramı çərçivəsində komandası ilə birlikdə davam etdirir.

Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://match.pmf.kg.ac.rs/issues/m96n2/m96n2_01826.html


Paylaş