×

Xəbərlər

Xəbərlər 17 Mar 2026
ADNSU-da Novruz bayramı münasibətilə şənlik təşkil olunub

Martın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Novruz bayramına həsr edilən bayram tədbiri keçirilib.

Şənlik çərçivəsində tələbələrin hazırladıqları Novruz xonçaları, eləcə də milli adət-ənənələrimizi əks etdirən müxtəlif bayram şirniyyatları nümayiş etdirilib. Tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov universitetin professor-müəllim heyətini və tələbə kollektivini Novruz bayramı münasibətilə təbrik edərək onlara səmimi arzularını çatdırıb.

Rektor Rüfət Əzizov qeyd edib ki, Novruz bayramı əsrlər boyu formalaşaraq xalqımızın zəngin milli-mənəvi dəyərlərini özündə yaşadan və birlik, həmrəylik, bolluq rəmzi kimi qeyd olunan ən əziz bayramlardan biridir. O, bu əziz bayram münasibətilə universitetin çoxsaylı kollektivinə və bütün Azərbaycan xalqına firavanlıq, ruzi-bərəkət və möhkəm cansağlığı arzulayıb.

Bayram şənliyi ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının rəngarəng rəqs çıxışları ilə davam edib. Tədbirdə Novruzun sevilən obrazları kosa və keçəlin təqdimatında maraqlı səhnəciklər nümayiş olunub, müxtəlif oyunlar təşkil edilib, həmçinin tanınmış musiqiçilərin ifasında musiqi nömrələri səsləndirilib.

Sonda universitetin həyətində bayram tonqalı alovlandırılıb və tədbir iştirakçıları Novruz ənənələrinə uyğun olaraq tonqal ətrafında bayram sevincini bölüşüblər.


Paylaş