Martın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzində “Görkəmli Azərbaycan şairi Səməd Vurğun-120” adlı dəyirmi masa və kitab sərgisi təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Səməd Vurğunun 120 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Dəyirmi masanı giriş sözü ilə açan Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam haqqında məlumat verib, şairin Azərbaycan ədəbiyyatındakı əhəmiyyətindən bəhs edib.
Tədbirdə Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev, ADNSU-nun Təhsilalanlarla iş şöbəsinin müdiri Rəna İsmayılova, Humanitar fənlər kafedrasının dosenti Yaşar Əhmədov, kafedranın baş müəllimi Könül Abdullayeva, müəllim Şahnabat İsmayıl, Yazıçılar Birliyinin üzvü, Kitabçılar Birliyinin yaradıcı rəhbəri, şairə Esmira Abdullayeva, Yazıçılar Birliyinin üzvü, detektiv yazar Elbrus Kəlbiyev, həmçinin Yazıçılar Birliyinin üzvü, şair Samir Əfsəroğlu çıxış edərək Səməd Vurğunun zəngin ədəbi irsi, Azərbaycan poeziyasına verdiyi töhfələr və milli-mənəvi dəyərlərin təbliğindəki rolu barədə fikirlərini bölüşüblər. Çıxışlarda şairin yaradıcılığının bu gün də aktuallığını qoruduğu vurğulanıb.
Tədbirin bədii hissəsində ADNSU-nun tələbələri Əli Həsənzadə, Fatma Fərzəliyeva və qiraətçi Kərim Kərimli Səməd Vurğunun lirikasını əks etdirən şeirləri səsləndiriblər.
Sonda Səməd Vurğunun 120 illiyinə həsr olunmuş kitab sərgisi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sərgidə şairin zəngin yaradıcılığını əks etdirən 30-dan çox nəşr nümayiş etdirilib.