Martın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələr üçün “Yağların texnologiyası” mövzusunda seminar-mühazirə təşkil olunub.
Universitetin Magistratura şöbəsinin təşkilatçılığı ilə keçirilən seminar Türkiyənin İstanbul Universitetində dövlət proqramı çərçivəsində Kimya ixtisası üzrə doktorantura təhsili alan Natiq Xamedov tərəfindən keçirilib.
Mühazirə zamanı tələbələrə yağların kimyəvi tərkibi, onların fiziki və texnoloji xüsusiyyətləri, həmçinin müxtəlif sənaye sahələrində tətbiqi barədə geniş məlumat verilib. Eyni zamanda yağların alınma üsulları, emal prosesləri, keyfiyyət göstəriciləri və düzgün saxlanma şərtləri ətraflı şəkildə izah olunub.
Natiq Xamedov mühazirə zamanı qida və texniki yağların fərqlərini xüsusi vurğulayaraq onların insan sağlamlığına və istehsalat proseslərinə təsiri barədə mühüm məqamlara toxunub. O, həmçinin müasir texnologiyaların bu sahədə tətbiqi və innovativ yanaşmalar haqqında da məlumat verib.
Seminar interaktiv formatda təşkil olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.